Orqanik kənd təsərrüfatı nədir?

Orqanik kənd təsərrüfatı - kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə orqanik məhsulların istehsalı, emalına əsaslanan bir istehsal sistemidir.

Orqanik kənd təsərrüfatı nə üçün lazımdır?

Orqanik kənd təsərrüfatı təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və balanslaşdırılmış aqroekosistemin yaradılması, kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilməməsi, hər hansı çirkləndirici və potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi, torpağın təbii imkanları ilə orqanik kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin və istehlakçıların sağlamlığının qorunması və onları təhlükəsiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün lazımdır.

Orqanik təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:

orqanik kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;

orqanik kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında orqanik təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;

orqanik məhsul kimi sertifikatlaşdırılmış toxumlardan orqanik torpaqlarda istifadə olunması;

orqanik təhlükə yaradan preparatlardan baytarlıq təbabətində istifadəyə yol verilməməsi;

orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi;

orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunması;

orqanik kənd təsərrüfatı və ərzaq məhsullarının emal şəraitinin beynəlxalq sanitariya-gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin yerinə yetirilməsi;

orqanik kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin subyektlərin orqanik kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının təmin edilməsi;

kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda orqanik kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının orqanik kənd təsərrüfatı və ərzaq məhsulu kimi dövriyyəsinin dayandırılması.

  1. Orqanik kənd təsərrüfatında nəzarət və sertifikatlaşdırma

Hazırda bir çox inkişaf etməkdə olan ölkələrin ixrac yönümlü orqanik layihələri mal qəbul edən ölkələrin yoxlama və sertifikatlaşma mərhələsindən keçir. Beynəlxalq sertifikatlaşdırma orqanlarının orqanik kənd təsərrüfatı və onun sertifikatlaşdırılmasında böyük təcrübələri var.

Orqanik məhsulların sertifikatlaşdırılması həmin məhsulların orqanik kənd təsərrüfatı standartlarına uyğunluğunu müəyyən etmə prosedurudur. Bu sertifikatlaşdırılma iki mərhələdə aparılır: Nəzarət və Sertifikatlaşdırma. Orqanik məhsulların sertifikatlaşdırılması istehsalçının ( fermer, tədarükçü, qablaşdırıcı, satıcı) sertifikatlaşdırma qurumuna müraciəti ilə başlanır.

İstehsalçı həyata keçirəcəyi bütün fəaliyyətlər və layihələr barədə sertifikatlaşdırma qurumuna məlumat verir.

Sertifikatlaşdırma qurumu istehsalçının bu müraciətini dəyərləndirir və buna uyğun olaraq audit aparılır. Audit zamanı ərazinin əvvəlki illərdəki istifadə edilmə vəziyyəti, həyata keçirilən fəaliyyətlər, bölgənin və yetişdirilən məhsulların ümumi vəziyyəti, risklər, bununla bağlı istehsalçının qeydləri və hazırlanan hesabatlar araşdırılır. Yoxlamanın nəticəsi olaraq sertifikatlaşdırma qurumu tərəfindən hesabat hazırlanır. Hesabatda istehsalçının orqanik kənd təsərrüfatı sahəsində fəaliyyətinin beynəlxalq standartların və normaların tələblərinə uyğunluğu öz əksini tapır. Əgər audit yoxlamalarının nəticəsi müsbət olarsa, o halda istehsalçıya orqanik kənd təsərrüfatı tələblərini yerinə yetirdiyinə görə sertifikat (orqanik kənd təsərrüfatı istehsalçısı sertifikatı) verilir. Bundan başqa keçid müddətini müvəffəqiyyətlə tamamlayan istehsalçıya ilə istehsalçı sertifikatı ilə yanaşı, həm də orqanik məhsul sertifikatı verilir.